Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Qasımovun ailəsi ziyarət edilib

6 noyabr 2025, 17:44
A+ A-
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Qasımovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Qasımovun ailəsini ziyarət edib.

Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ramiz Qasımov Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla fərqlənib. O, idarə etdiyi "Mi-17" helikopteri ilə düşmənin hərbi hədəflərini məhv etdikdən sonra geri dönüş zamanı atəşə tutulub və helikopter vurulub. Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra 22 oktyabr 2020-ci il tarixində şəhid olub.

Şəhidimiz II Fəxri xiyabanda dəfn edilib və Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Görüşdə qəhrəmanın əziz xatirəsi ehtiramla yad edilib, Vətən uğrunda canından keçən şəhidlərimizin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi və rifahının təmin olunması məqsədilə genişmiqyaslı tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Fərid Məmmədov ailənin vəziyyəti ilə maraqlanıb, şəhid ailələrinə diqqət və qayğının dövlətin prioriteti olduğunu qeyd edib və onların daim dövlət dəstəyi ilə əhatə olunacağını bildirib.

Şəhidin həyat yoldaşı Günel Qasımova göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü ifadə edib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi