İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

30 iyul 2020, 10:25
A+ A-
İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan  “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Müəssisə həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.

Ümumilikdə 5925 m2 ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq. Kiçik istehsalat və sərgi sahələri qədim üslubda qurulacaq, zəngin milli mədəniyyət nümunələrinin geniş nümayişinə şərait yaradılacaq.

DOST Evi”ndə xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, toxuculuq, un məmulatları və s. kimi istehsal sahələri qurulacaq. Ümumilikdə milli mədəniyyət nümunələrinin istehsalı üçün burada 5 emaltxana, 1 sərgi və satış mərkəzi, eləcə də un məmulatlarının istehsalı və satışı mərkəzi fəaliyyət göstərəcək.  40-50 nəfər müəssisədə işlə təmin olunacaq.

Müəssisədə əhalinin və qonaqların asudə vaxtını maraqlı keçirməsi üçün lazımi infrastruktur yaradılacaq. Həmçinin Basqal kəndi və ətraf ərazilərdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının, eləcə də İvanovka kənd məhsullarının satışı üçün bio-bazar, market fəaliyyət göstərəcək. İaşə xidmətləri, milli kulinariyaya məxsus, ekoloji təmiz məhsullardan hazırlanmış qidalar təqdim ediləcək.

Mərkəzin regionun turizm infrastrukturuna inteqrasiyası vasitəsilə gəlirlərinin pilləli artırılması, Basqal kəndində hazırlanan kəlağayıların da müəssisədə satışının təşkili planlaşdırılır.

Son üç ildə İsmayıllı rayonunda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. DOST Evi” bölgədə özünüməşğulluq layihələrinin icrasına da dəstək göstərəcək. Müəssisədəki istehsal sahələrinin özünüməşğulluq proqramı iştirakçılarına güzəştli şərtlərlə icarəyə verilməsi, habelə bu istehsal sahələrindən peşə hazırlığı kursları üçün təlim bazası kimi istifadə edilməsi də nəzərdə tutulur.

Ümumilikdə, inşasına başlanan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi regionun sosial-iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayacaq.

Onu da bildirək ki, sosial müdafiə və aktiv məşğulluq proqramları İsmayıllı rayonunda da uğurla icra olunur. Ötən dövrdə rayonda 129 mənzil və fərdi ev inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinə verilib, 61 nəfər müharibə əlilli avtomobillə təmin olunub. Cari ildə də bu sahədə işlər davam edir. Rayonda 22 minə yaxın şəxs pensiya, müavinət, təqaüd ünvanlı sosial yardımla, 173 nəfər sosial xidmətlərlə təmin olunur. Həmçinin İsmayıllı rayonu üzrə hazırda 455 nəfər əmək müqaviləsi əsasında ödənişli ictimai işlərdə çalışır. Bu ilin 6 ayında isə məşğulluq xidməti vasitəsilə rayonda 431 nəfərin məşğulluğu təmin edilib.

Keçən il sosial xidmət layihələri üzrə İsmayıllı rayonunda reabilitasiya yönümlü 4 sosial xidmət mərkəzi yaradılaraq həssas qruplardan olan uşaqlara və onların ailələrinə ehtiyaclarına uyğun dəstək göstərib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi