Azərbaycanda yaşı 65-dən yuxarı olan bir qrup şəxs üçün informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair təlimlər keçirilib. Təlimlər pensiyaçıların evlərində və “DOST” mərkəzlərində baş tutub. Qeyd olunan tədbir “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin “Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponenti çərçivəsində reallaşıb.
Təlimlərin təşkilində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin "Könüllü DOST" proqramının üzvləri fəal iştirak ediblər. Belə ki, “Könüllü DOST”lar sırasından seçilmiş təlim koordinatorları tərəfindən pensiyaçılara evlərdə və “DOST” mərkəzlərində təlimlər keçirilib. Təlimlərin ikinci həftəsində ümumilikdə 500 nəfər yaşlı şəxsə “İnformasiya Texnologiyalarının əsasları”, “İnternet və sosial şəbəkələrdən istifadə” və “Elektron ödənişlərdən istifadə” mövzularında məlumat verilib. Hər bir mövzu ilə bağlı hazırlanmış məlumat broşürləri təlim zamanı iştirakçılara paylanılıb.
Qeyd edək ki, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi