Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbi fəaliyyətini 4 saylı Bakı DOST Mərkəzində davam etdirəcək

5 aprel 2021, 16:26
A+ A-
Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbi fəaliyyətini   4 saylı Bakı DOST Mərkəzində davam etdirəcək

Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbi fəaliyyətini paytaxtda yeni açılmış 4 saylı Bakı DOST Mərkəzində davam etdirəcək 

İnklüziv İncəsənət Məktəbi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi layihə qeyd edilən kateqoriyalara aid şəxslərin hüquqlarının və rifahının təminatı üçün hökumətin apardığı işlərə dəstək məqsədi daşıyır. 

İnklüziv İncəsənət Məktəbində 16 yaşından yuxarı əlilliyi olan tələbələr üçün ödənişsiz əsaslarla, həmçinin əlilliyi olmayan tələbələr üçün rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir.  Məktəb universal layihələndirmə (universal design), yəni hamı üçün müyəssərlik prinsipinə əsaslanaraq hazırlanmış mebel və avadanlıqlarla təmin edilib.  

2020-ci ildə COVİD-19 pandemiyasının başlaması ilə məktəb onlayn təhsil formasına keçib və tələbələri də onlayn tədris üçün lazımi avadanlıq və vasitələrlə təmin ediliblər. Bu günə qədər məktəbə daxil olan 22 şagird üçün 10 canlı və 71 onlayn dərs təşkil edilib. 

Ötən il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar məktəbin tələbələrinin burada hazırladıqları əl işlərindən gəlir əldə etmələri üçün həmin əl işlərinin satış-sərgisi də təşkil edilib. Əl işləri və rəsmlər Bacarıqların İnkişafı və Tədris üzrə Virtual Laboratoriya (V-Lab) http://vlaboratoriya.sosial.gov.az platformasında da yerləşdirilib.  

Məktəb artıq daha çox tələbə qəbul etməyə hazırdır və dərslərə yazılmaq istəyən əlilliyi olan və olmayan şəxslər müvafiq ərizə formasını dolduraraq müraciət edə bilərlər. Ehtiyac olduğu halda, əlilliyi olan tələbələrin yaşayış ünvanlarından məktəbə gəlmələri üçün xüsusi nəqliyyat vasitəsi də ayrılacaq.  

“Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Bakı, Salyan və Masallı rayonlarında həyata keçirilir.  2019-cu ildə icrasına başlanan layihə iş və peşə təhsili imkanları yaratmaqla və ictimai yerləri daha əlçatan etməklə 2500 əlilliyi olan qadın və müharibə veteranının həyat keyfiyyətinin yaxşılaşdırılmasına öz köməyini göstərib. 

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi