Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai şuranın hazırkı tərkibdə müddətinin (2 illik müddətin) başa çatması ilə əlaqədar şuranın üzvləri ilə görüşüb.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan geniş miqyaslı islahatlar prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verilir. Bu məqsədlə Nazirlik yanında İctimai şura ilə fəal əməkdaşlıq həyata keçirilib. Şurada təmsil olunan 15 nəfərdən ibarət vətəndaş cəmiyyəti nümayəndələrinə nazirliyin fəaliyyət sahələrində yaxından iştirak üçün müvafiq şərait yaradılıb. Şuranın tərkibində 4 fəaliyyət istiqamətləri üzrə işçi qrupları yaradılıb. Əmək, məşğulluq, sosial təminat, əlillik və reabilitasiya sahələri ilə bağlı qanunvericlik layihələri onlara təqdim edilib, onların rəy və təklifləri öyrənilib. İctimai şura üzvlərinə nazirliyin xidmət sahələri üzrə monitorinqlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.
S.Babayev bildirib ki, nazirlik yanında İctimai şuranın hazırkı tərkibdə müddəti qanunvericiliyə uyğun olaraq başa çatdığı üçün şuranın növbəti müddət üçün yeni tərkibi seçilməlidir. Bununla əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən (4-ü nazirlikdən, 5-i QHT-lərdən) ibarət komissiya yaradılıb. Şuraya seçkilərin keçirilməsi barədə nazirliyin rəsmi saytında elan da verilib. Şuraya üzv olmaq istəyənlərin həmin komissiya tərəfindən namizədliyinin qeydə alınması işləri aparılır. Yeni tərkibin seçilməsi prosesinin şəffaf və ədalətli keçirilməsi təmin olunacaq.
Nazir İctimai şuranın öz vəzifələrinin icrası sahəsində səmərəli və məqsədyönlü işlər apardığını qeyd edib, şurada təmsil olunan vətəndaş cəmiyyətləri nümayəndələrinin fəaliyyətini müsbət dəyərləndirib.
İctimai şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev son iki illik dövrdə Şuranın fəaliyyəti barədə məlumat verib. O, nazirliyin hər bir fəaliyyət sahəsində güclü ictimai nəzarətin təmin edilməsi, qanunvericilik layihələri ilə tanışlıq, monitorinqlərin aparılması, ictimai dinləmələrin keçirilməsi üçün yaradılan şəraitdən, rəy və təkliflərinə daim diqqətlə yanaşılmasından razı qaldıqlarını qeyd edib.
Şura üzvləri yeni seçiləcək tərkibdə təmsil olunacaq həmkarlarına uğurlar arzulayıblar.
Görüş şura üzvlərinə nazirlik tərəfindən təşəkkürnamələrin təqdim edilməsi ilə yekunlaşıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi