Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə Bakı Konqres Mərkəzində “Hərə bir qəhrəman oldu” adlı tədbir həyata keçirib.
Tədbir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.
Bərabərlərin dəstəyi xarakteri daşıyan tədbir I Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədi daşıyıb.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, DOST Agentliyinin sədri Fərid Məmmədov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və başqaları iştirak ediblər.
Çıxış edənlər şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs ediblər. Vətən müharibəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb. Belə tədbirlərdən biri kimi, “Hərə bir qəhrəman oldu” layihəsinin hazırlanaraq icra edilməsinin əhəmiyyəti qeyd edilib. Bir il davam edəcək bu layihənin Vətən müharibəsi şəhidlərinin övladlarının təhsilinə, gələcək karyerasının planlaşdırmalarına önəmli bir dəstək olduğu bildirilib.
Sonra I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, onlara öz uğur hekayələri barədə danışıblar.
Layihənin sonrakı mərhələsində Vətən müharibəsi şəhidlərinin övladları üçün təlimlərin təşkili, onlara peşə və karyera seçimlərində dəstək verilməsi istiqamətində işlər həyata keçiriləcək.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi