Asan Aç

Qazaxıstan könüllüləri DOST Mərkəzində xidmət göstərdi

17 noyabr 2021, 09:52
A+ A-
Qazaxıstan könüllüləri DOST Mərkəzində xidmət göstərdi
Qazaxıstan könüllüləri ölkəmizdə könüllülük hərəkatının aktiv iştirakçılarından olan DOST könüllüləri ilə görüşüb. Ölkəmizə səfər çərçivəsində 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olan qazaxıstanlı könüllülərə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin fəaliyyəti, eləcə də “Könüllü DOST” proqramı haqqında məlumat verilib.
Bildirilib ki, 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST mərkəzlərində hazırda 200 gənc könüllü çalışır. Bununla yanaşı ölkəmizdə ilk dəfə olaraq yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Gümüşü DOST” proqramı da icra olunur. Könüllülər əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərdən istifadə edən vətəndaşlara mərkəzlərdə kömək edir, onlara zəruri sənədlərin hazırlanmasında dəstək olur, həssas qruplardan olan şəxslərə qayğı göstərir.
Qazaxıstan könüllüləri “Könüllü DOST”larla birlikdə DOST mərkəzində xidmət göstərərək təcrübə mübadiləsi də aparıblar. Qrupun koordinatoru Aygerim Jarılqasova bu səfərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb və bu sahədə bundan sonra da qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Sonda xatirə şəkli çəkilib, qonaqlara hədiyyələr təqdim olunub.
Səfər Qazaxıstan Milli Könüllülər Şəbəkəsi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının bu sahədə təcrübə mübadiləsi proqramı əsasında həyata keçirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi