Asan Aç

Vahid əlaqələndirmə mərkəzlərində xidmətlərin sayı artırıldı

25 noyabr 2021, 10:57
A+ A-
Vahid əlaqələndirmə mərkəzlərində xidmətlərin sayı artırıldı

Prezident İlham Əliyevin bugünki Fərmanı ilə şəhid ailələri üzvlərinin, müharibədə xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının  siyahısında dəyişiklik edilib.

Fərmana əsasən, siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan xidmətlər bölməsinə daha 3 xidmət əlavə olunub:

  • şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
  • müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
  • hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.

Vahid əlaqələndirmə mərkəzlərində bu xidmətlərin 2022-ci il yanvarın 1-dən nazirlik tərəfindən göstərilməsi nəzərdə tutulur.

Vahid əlaqələndirmə mərkəzləri dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən bu mərkəzlərdə şəhidlərin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə  21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi