5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu” keçirilib. Forumda 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvü iştirak edib.
Bakı Konqres Mərkəzində keçirilən Forum çərçivəsində ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. 20 təşkilatın fərdi stendlərində müxtəlif sahələrdə Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumatlar nümayiş olunub.
Tədbirin açılışında dövlət himni oxunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin gedişində il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təltifetmə mərasimində iştirak edib. Sosial sahədə könüllülük nominasiyası üzrə “Könüllü DOST” proqramının aktiv məzun könüllüsü Sayalı Hümbətzadə “İlin könüllüsü” seçilib.