DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılır

17 dekabr 2021, 17:53
A+ A-
DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub.

 Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi  naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətini qeyd edib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinə gətirdiyi innovativ yenilikləri, bu xidmətlərin "bir pəncərə"dən, tam şəffaf və operativ təqdim edilməsinə şərait yaratdığını bildirib.

 S.Babayev 2019-ci ilin may ayından 5 DOST mərkəzinin yaradıldığını, ötən dövrdə həmin mərkəzlərdə 650 minə yaxın vətəndaşa xidmət göstərildiyini deyib.

 Əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiq olunduğu bildirilib. Nazirlik üzrə 170 xidmətdən 105-nin e-platforma üzərindən, o cümlədən 44 xidmətin  proaktiv qaydada göstərildiyi vurğulanıb.

 DOST xidmətlərinin elektronlaşdırılması tədbirləri də diqqətə çatdırılıb. Vurğulanıb ki, bu sahədə işlərin operativ və sürətli şəkildə aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması üçün DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması nəzərdə tutulub.

 Rəqəmsal İnnovasiyalar Mərkəzi eyni zamanda, Nazirlik və onun tabeliyindəki qurumlararası məlumat mübadiləsi üzrə vahid idarəetmə mexanizminin qurulmasında, mövcud e-sistemlərin dəstəklənməsində və yeni e-sistemlərin yaradılmasında mühüm rol oynayacaq və informasiya təhlükəsizliyinin təmin olunmasında da imkanların genişlənməsinə şərait yaradacaq.

 İclasda Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılması, DOST Agentliyinin aparatının, “DOST” mərkəzlərinin və digər bölmələrinin strukturu ilə bağlı məsələlər müzakirə olunub

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi