Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə 2019-cu ili may ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və həmin vaxtdan 5 DOST Mərkəzinin yaradıldığını vurğulayıb.
Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən təqdim edilməsinə imkan verib. Bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faiz üzərindədir.
Qeyd edilib ki, 2021-ci ildə Bakı şəhərində və Abşeron rayonunda olmaqla daha iki DOST mərkəzi açılıb və bu mərkəzlərin sayı 5-ə çatıb. Yəni, Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub və Bakıdakı DOST mərkəzlərinə müraciət üçün qeydiyyat prinsipi də artıq ötən il aradan qaldırılıb. Bakının hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq Bakı sakinləri paytaxtda istənilən DOST mərkəzinin xidmətlərinə müraciət edə bilər.
Keçən il DOST mərkəzlərində 416,2 min, ümumilikdə ötən dövrdə 700 minə yaxın vətəndaşa birbaşa və e-qaydada müraciətlər üzrə xidmət göstərilib.
Bu il DOST mərkəzləri şəbəkəsi daha da genişlənəcək. Hazırda respublikanın bir sıra bölgələrində, o cümlədən Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s. rayon və şəhərlərdə də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.
İclasda DOST Agentliyinin ötən ilki fəaliyyəti və qarşısında duran vəzifələrdən bəhs olunub. Agentliyin fəaliyyəti üzrə İSO sertifikatlaşdırılması ilə bağlı İnteqrəedilmiş menecment sisteminin tətbiqi, qurumun fəaliyyətinə dair daxili qaydaların təsdiqlənməsi və s. məsələlər müzakirə olunub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi