Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülüb. Agentlik sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə fəxri fərmanla mükafatlandırılıb. Mükafatın təqdimetmə mərasimi Bakıda keçirilən “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda baş tutub. Fəxri fərmanı DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qəbul edib.
DOST konsepsiyası konfrans iştirakçılarının böyük marağına səbəb olub. Tədbirdə qeyd olunub ki, DOST Agentliyi MDB məkanında əhalinin sosial təminatı sahəsində reallaşdırılan ən uğurlu layihələrdən biridir.
Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.