Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransı keçirilib

11 aprel 2022, 14:28
A+ A-
Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransı keçirilib

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərinə həsr olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransı keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində ötən 4 ildə respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib.

Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının siyasətinin ana xəttini təşkil etdiyini vurğulayıb. Bildirib ki, 19 aprel 2018-ci il tarixli Fərmanla şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi.

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə  də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olundu: “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olundu.

Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı  2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib.

2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən 3 sosial islahat paket icra olunub.

2018-22021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib.

2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan və 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu isə Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. 2019-cu ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri)  Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və təltiflərinə layiq görülüb.

Mətbuat konfransında sosial sahədə rəqəmsal texnologiyaların geniş tətbiqi, proaktiv xidmətlərin yaradılması, reabilitasiya və sosial xidmətlər sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verilib.

 

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi