Asan Aç

DOST Agentliyi ilə Mediasiya Şurası arasında memorandum imzalanıb

21 sentyabr 2022, 10:38
A+ A-
DOST Agentliyi ilə Mediasiya Şurası arasında memorandum imzalanıb

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə Mediasiya Şurası arasında anlaşma memorandumu imzalanıb.

Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.

Fərid Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, indiyədək DOST mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98 faizdən çox olub. F.Məmmədov Agentliyin fəaliyyətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutunun əhəmiyyətini qeyd edib. O, imzalanan memorandumun əməkdaşlığın geniş sahələrini əhatə edəcəyini və hər iki qurum üçün qarşılıqlı faydalı, uzunmüddətli və effektiv nəticələr gətirəcəyini vurğulayıb.

Memoranduma əsasən, ilkin mərhələdə DOST mərkəzləri vasitəsilə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətlərinə çıxışın təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ilin fevral ayından fəaliyyət göstərən Mediasiya Şurası bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu ildə qəbul edilib və 2021-ci il iyulun 1-dən tam olaraq qüvvəyə minib. Qanuna əsasən vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak edirlər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi