Vahid əlaqələndirmə mərkəzlərində 56 mindən çox şəxsə xidmət göstərilib

3 oktyabr 2022, 16:14
A+ A-
Vahid əlaqələndirmə mərkəzlərində 56 mindən çox şəxsə xidmət göstərilib

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 56 mindən çox şəxsə xidmət göstərilib.

Mərkəzlərdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir.

Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı, Ucar, Şəmkir, Qusar və Salyan rayonlarında ümumilikdə 48 rayon və şəhər üzrə xidmət göstərən 11 vahid əlaqələndirmə mərkəzi fəaliyyət göstərir.

Bu mərkəzlərdə 53 qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.

Həmin qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 48 rayon (şəhər) icra hakimiyyəti daxildir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi