Serbiya nümayəndə heyəti DOST Mərkəzi ilə tanış oldu

17 noyabr 2022, 10:27
A+ A-
Serbiya nümayəndə heyəti DOST Mərkəzi ilə tanış oldu

Ölkəmizdə səfərdə olan Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi Vera Vukiceviçin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Qonaqlara DOST Agentliyi və mərkəzlərinin dövlət sosial xidmətlərinə gətirdiyi mühüm innovasiyalar barədə məlumat verilib. DOST konsepsiyasının Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradıldığı qeyd olunub. Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətini DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış edib.

Daha sonra keçirilən görüşdə Agentliyin DOST xidmətləri departamentinin müdiri Aygün Musayeva DOST konsepsiyası barədə geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST-un ilk mərkəzi 2019-cu ilin may ayında açılıb. Hazırda fəaliyyət göstərən 5 DOST mərkəzinə ümumilikdə 1,2 milyona yaxın şəxs müraciət edib. Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 154 xidmət təqdim edilir. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 98,2 faiz təşkil edir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi