Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 2-ci dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.
Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri, inkişaf mentorları iştirak edir.
“Gələcəyə hazır ol!” devizi ilə keçirilən Forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, ölkəmizdə hər il əmək bazarına 100 mindən çox gəncin daxil olduğunu, gənclərin daim yenilənən əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsinin, ixtisaslı işçi qüvvəsinin artırılmasının məşğulluq sahəsində mühüm hədəflərdən olduğunu qeyd edib.
Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında önəmli dəstək olduğu vurğulanıb. Məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Bu ilin may ayında əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verildiyi qeyd olunub.
Bildirilib ki, növbəti mərhələ olaraq ölkəmizin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platformasının istifadəyə verilməsinə hazırlıq işləri görülür.
Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin - “Alo Karyera”, “CV yarat”, “Bacar” platformalarının önəmi diqqətə çatdırılıb. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, bu Forum peşəyönümü məsləhət xidmətinin önəmini və zəruriliyini hədəf qruplarına çatdırmağa, əmək bazarının mövcud vəziyyəti, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artırmağa, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmağa imkan verir.
Forumda Türkiyədən Şule Yalçın, Yavuz Yiğit, Kamil Bayar, ABŞ-dan Brian Hutchison, İtaliyadan Margareta Nikolovksa, Macarıstandan Tibor Bors Borbely - Pecze, eləcə də yerli spikerlər iştirak edir.
Forum müddətində spikerlər tərəfindən “Karyera Mərkəzlərinin yaratdığı fürsətlər”, “Peşəkar karyera mühitində yeni çağırışlar”, “İş mühitində davamlı inkişafı necə təmin etməli” adlı 3 panel üzrə peşəkar zəmində müzakirələr aparılması, spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində gələcək yönümlü təklif, ideya və həllər toplusunun hazırlanması nəzərdə tutulub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi