Litvanın nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

18 yanvar 2023, 20:10
A+ A-
Litvanın nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkusun başçılıq etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

Nümayəndə heyəti DOST mərkəzində xidmət bölmələri və xidmət prosesi, habelə vahid əlaqələndirmə mərkəzi ilə tanış olub.

Daha sonra keçirilən görüşdə Litva nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, 2019-cu ilin may ayından indiyədək 6 DOST mərkəzi açılıb və bu mərkəzlərdə 1,3 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 98,2 faiz təşkil edir.

Görüşdə, həmçinin Agentliyin fəaliyyəti dövründə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi və bir sıra mükafatlar qazandığı da diqqətə çatdırılıb.

Qeyd edək ki, Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkusun başçılıq etdiyi nümayəndə heyəti “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin təqdimat mərasimində iştirak məqsədilə Azərbaycanda səfərdədir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi