Asan Aç

Azərbaycan və Rumıniya əlaqələri yeni əməkdaşlıq istiqamətləri əsasında genişlənir

26 yanvar 2023, 14:50
A+ A-
Azərbaycan və Rumıniya əlaqələri yeni əməkdaşlıq istiqamətləri əsasında genişlənir

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun videoformatda görüşü olub. 

S.Babayev Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu bildirib, iki ölkənin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb. V.D.Popesku ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə əsaslanan strateji əməkdaşlığının bütün sahələrdə daim inkişaf etməkdə olmasından məmnunluq ifadə edib.

Görüşdə əlaqələrimizin yeni istiqamətlər əsasında genişlənəcəyi bildirilib, ikitərəfli əməkdaşlıq gündəliyi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. 

Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, Azərbaycandan Rumıniyaya təbii qaz nəqlinə və Rumıniyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsində iştirakına dair fikir mübadiləsi aparılıb.

Bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu, irimiqyaslı layihə olan Orta Dəhliz layihəsinin mühüm logistika və tranzit üstünlükləri qeyd edilib. 

Logistika sahəsində ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunub, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa dəniz limanı arasında əməkdaşlığın genişləndirilməsinin logistika sahəsində ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm  kəsb etdiyi bildirilib. 

Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən, kənd təsərrüfatı, ticarət, investisiya, müasir texnologiyaların tətbiqi, təhsil, sosial, mədəni və s. sahələrdə gələcək əməkdaşlıqdan bəhs olunub. 

Azərbaycanın DOST konsepsiyası, ölkəmizdə dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar diqqətə çatdırılıb. Bu sahədə iki ölkə arasında gələcək təcrübə mübadilələri, DOST təcrübəsinin Rumıniyada tətbiqi imkanları, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi