Asan Aç

Monteneqro nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə yaxından tanış olub

2 mart 2023, 17:33
A+ A-
Monteneqro nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə yaxından tanış olub

Ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nümayəndə heyətinə DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST Mərkəzi açılıb. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. 

Ötən il daha 618,3 min vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,5 faiz təşkil edib. Ümumilikdə ötən dövrdə bu mərkəzlərdə 1,3 milyonadək vətəndaşa  xidmət göstərilib. 

DOST xidmətləri mötəbər beynəlxalq qurumlar tərəfindən də qabaqcıl təcrübə kimi yüksək dəyərləndirilir. DOST Agentliyi bir çox beynəlxalq mükafatlarla təltif edilib və DOST təcrübəsinin digər ölkələrdə tətbiqi təşviq edilir. Bu təcrübəni öyrənməyə maraq göstərən ölkələrin sayı da getdikcə artır.

Monteneqro nümayəndə heyəti DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Nümayəndə heyəti üçün Azərbaycanın DOST konsepsiyası, bu konsepsiyanın üstünlükləri barədə təqdimat edilib.

Nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə gələcək əməkdaşlıq məsələlərinə, habelə əmək, məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələrinin həyata keçirilməsinə, Azərbaycanın DOST təcrübəsinin üstünlüklərinə dair fikir mübadilələri aparılıb. 

Qeyd edək ki, bu gün S.Babayev və A.Adroviç Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi