BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

5 aprel 2023, 15:36
A+ A-
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə tanışlıq görüşü olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nuno Queirosu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sistemində aparılan islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ yeniliklərin geniş tətbiqi işləri barədə məlumat verib.

 Sosial islahatlar prosesində, habelə aktiv məşğulluq tədbirləri sahəsində ötən dövrdə BMT İnkişaf Proqramı ilə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı vurğulanıb. Birgə icra olunan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” və digər layihələrin əhəmiyyətindən bəhs olunub.  

Həmin layihələrin gənclərin, habelə həssas əhali qruplarının, qadınların əmək bazarına çıxış imkanlarının artırılmasında, əlilliyi olan şəxslərin peşə-əmək, sosial reabilitasiyasında önəmi qeyd edilib.

Nuno Queiros səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi