Azərbaycan və Moldova arasında sosial sahədə əməkdaşlığa dair Fəaliyyət Planı imzalandı

10 aprel 2023, 16:16
A+ A-
Azərbaycan və Moldova arasında sosial sahədə əməkdaşlığa dair Fəaliyyət Planı imzalandı

DOST mərkəzləri modelinin Moldovada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün işçi qrup yaradılması və fəaliyyətinin təşkili üzrə təcrübə mübadiləsi də nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin iki ölkənin dövlət başçılarının qarşılıqlı səyləri ilə daim inkişaf etməkdə olduğunu vurğulayıb. O, həmkarı Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin sosial sahədə əlaqələrin genişlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. Ötən ilin oktyabr ayında iki Nazirlik arasında imzalanan əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, ölkəmizdə aparılan ardıcıl və genişmiqyaslı sosial islahatlar, son beş ildə əldə olunan sosial uğurlar barədə məlumat verilib. DOST konsepsiyası, dövlət sosial xidmətlərinin avtomatlaşdırılması və proaktiv formada təqdim olunması sahəsində ölkəmizin uğurlu təcrübəsi, cari islahatlar gündəliyi  qeyd olunub. Sosial xidmətlərin vahid platformadan və e-qaydada göstərilməsi praktikasının Moldovada tətbiqi və digər sahələrlə bağlı təcrübəmizi bölüşməyə hazır olduğumuz diqqətə çatdırılıb.

Aleksey Buzu ölkəmizə səfərindən məmnunluğunu, Moldova ilə Azərbaycan arasında əlaqələrin daim genişlənməkdə olduğunu, sosial sahədə əməkdaşlığın da inkişaf etməsi üçün səylərin göstərildiyini bildirib. O, geniş sosial islahatların həyata keçirildiyi ölkəmizlə bu sahədə fəal təcrübə mübadilərinə, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öytrənilərək tətbiqinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Görüşün yekunu olaraq Sahil Babayev və Aleksey Buzu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı imzalayıblar.

Sənəddə DOST mərkəzləri modelinin Moldovada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün ekspertlərdən ibarət birgə işçi qrupun yaradılması və fəaliyyətinin təşkili, sosial xidmətlərin, habelə əməyin təftişi proseslərinin rəqəmsallaşdırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının artırılması, pensiya təminatı və sosial müavinətlər, sosial xidmətlər, əlillik, reabilitasiya və s. sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi çərçivəsində ikitərəfli müzakirələrin aparılması əksini tapır.

Nazirlər keçirdikləri brifinqdə yeni imzalanan sənədin iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliklərini bildiriblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi