Moldovalı nazirin başçılıq etdiyi nümayəndə heyəti DOST mərkəzi ilə yaxından tanış olub

11 aprel 2023, 09:12
A+ A-
Moldovalı nazirin başçılıq etdiyi nümayəndə heyəti DOST mərkəzi ilə yaxından tanış olub

Azərbaycanın DOST təcrübəsini öyrənərək tətbiq etməkdə  maraqlı olan ölkələrdən biri də Moldovadır

Ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vətəndaş rahatlığı və məmnunluğuna uyğun sosial xidmətlərin göstərilməsində DOST təcrübəsinin mühüm üstünlükləri barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST Mərkəzi açılıb. DOST konsepsiyası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüdür və bu konsepsiya əsasında sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

Ötən dövrdə 1 milyon 450 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,5 faizdir.

DOST Agentliyinin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu diqqətə çatdırılıb. Qonaqlar üçün DOST konsepsiyası barədə təqdimat edilib.

Qeyd edək ki, Azərbaycanın DOST təcrübəsini öyrənərək tətbiq etməkdə maraqlı olan ölkələrdən biri də Moldovadır.

Bu gün Sahil Babayev və Aleksey Buzu tərəfindən imzalanan, iki Nazirlik arasında əməkdaşlıq üzrə 2023-2024-cü illərdə görüləcək işlərə dair Fəaliyyət Planında bu istiqamətdə də təcrübə mübadiləsinin aparılması əksini tapır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi