DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görülüb. Bu dəfə Agentliyin könüllülük proqramı qlobal insan resursları sammitinin diqqətini cəlb edib. 20 aprel tarixində Bakıda keçirilən “Global HR Summit 2023” tədbiri çərçivəsində “Könüllü DOST” proqramı "Ən yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Strategiyası" (Best CSR strategy) kateqoriyası üzrə qalib elan olunub.
Könüllü DOST proqramı Sosial məsuliyyət çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb. Qiymətləndirmə müxtəlif dövlət və özəl qurumların nümayəndələri, o cümlədən beynəlxalq ekspertlər tərəfindən həyata keçirilib. Mükafatlanma mərasimi sammitin “Global HR EXELLENCE Award” adı altında keçirilən tədbirində baş tutub.
Qeyd edək ki, Azərbaycan HR İnstitutunun təşkilatçılığı keçirilən “Global HR SUMMIT 2023” (GHRS) tədbirində yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri iştirak ediblər. İnsan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislərinin iştirak etdiyi tədbirdə ümumilikdə 50-dən çox ölkədən 700-dən çox iştirakçı sammitə qatılıb.
Xatırladaq ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST təcrübəsi təkcə ötən il 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq müsabiqələrdə 2 layihə üzrə finalçı seçilən Agentlik 4 beynəlxalq ISO sertifikatı da əldə edib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi