Asan Aç

5 saylı Bakı DOST Mərkəzində Beynəlxalq İKT-də Qızlar Günü ilə bağlı forum keçirilib

28 aprel 2023, 14:58
A+ A-
5 saylı Bakı DOST Mərkəzində Beynəlxalq İKT-də Qızlar Günü ilə bağlı forum keçirilib

5 saylı Bakı DOST Mərkəzində Beynəlxalq İKT-də Qızlar Günü ilə bağlı “Qadın, Texnologiyalar və İnnovasiyalar” adlı forum keçirilib. “Könüllü DOST” proqramının təşkilatçılığı, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) tərəfdaşlığı ilə baş tutan forumda “Könüllü DOST” proqramının 30-dan çox xanım nümayəndəsi, o cümlədən, AKTİ-yə üzv olan müxtəlif təşkilatların xanım könüllüləri də iştirak edib.

Məqsəd gənc xanım könüllüləri informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sahədə fəaliyyətini stimullaşdırmaqdır.

Forumda DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov, DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nazilə Həşim Zadə, ASAN – İnnovasiyalar Mərkəzinin PMO ofisinin rəhbəri, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və “Digital Umbrella” MMC-nin təsisçisi Ulduz Xəlilova İKT-də qadınların rolu və şəxsi uğur hekayələri barədə məlumat veriblər. Bundan əlavə forumda İKT-də gender bərabərliyinin qadınların hüquq və imkanlarının genişləndirilməsində əsas amillərdən biri olduğu qeyd edilib.

İştirakçıların böyük marağına səbəb olan forum sual-cavab sessiyası və komanda işi ilə yekunlaşdırılıb. Forum zamanı xüsusi aktivliyi ilə fərqlənən könüllülərə simvolik hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən Beynəlxalq İKT-də Qızlar Günü hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi