Ölkəmizdə ilk dəfə olaraq İnsan Resursları Zirvəsi öz işinə başlayıb

21 iyun 2023, 16:18
A+ A-
Ölkəmizdə ilk dəfə olaraq İnsan Resursları Zirvəsi öz işinə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında ölkəmizdə ilk dəfə olaraq İnsan Resursları Zirvəsi keçirilir.

İki gün davam edəcək tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyə Respublikası Prezidenti Administrasiyası  İnsan Resursları Ofisinin rəhbəri Salim Atay, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, millət vəkilləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və b. iştirak edir.

İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi və “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.

Tədbirdə çıxış edən S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Son 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunduğunu bildirib.

Bu dövrdə minimum əməkhaqqında 2,7 dəfə artım olduğu, cəmi 4 il ərzində median əməkhaqqının 2,1 dəfə artdığı qeyd edilib. Həmçinin  orta aylıq əməkhaqqında 70 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım olduğu, digər ödənişlərdəki ciddi artımlar, qeyd olunan sosial islahatlar üçün illik  7 milyard manata yaxın vəsait ayrıldığı diqqətə çatdırılıb. Əmək, məşğulluq, sosial müdafiə üzrə 153 xidmətdən 140-nın və ya 91 faizinin tam elektronlaşdırıldığı, DOST mərkəzləri tərəfindən 1,6 milyon vətəndaşa xidmət göstərildiyi və bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu vurğulanıb.

Son beş ildə 1 milyon vətəndaşa məşğulluq xidmətləri göstərildiyi, 400 min nəfərin münasib işlə təmin olunduğu, 62 min nəfərin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradıldığı, 450 mindən çox gənc peşəyönümü və peşə hazırlığı istiqamətində dəstək verildiyi qeyd olunub. Postmüharibə dövründə şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə iştirakçılarından ibarət 18 min şəxsin məşğulluğunun təmin edildiyi bildirilib.

Əhalinin sabit artımının aktiv məşğulluq proqramlarının da daim genişləndirilməsini əsas çağırışlardan bir kimi şərtləndirdiyi vurğulanıb. Məşğulluğun iqtisadi inkişafda və sosial rifahda mühüm rolu, eyni zamanda iqtisadiyyatla təhsil sistemi arasında bir körpü olduğu vurğulanıb.

İqtisadiyyatın tələblərinə uyğun insan resurslarının yetişdirilməsinin, insan resursları ilə əmək bazarı arasında vəhdətin qurulmasının, yeni iş yerləri yaradılmasında önəmli rola malik kiçik və orta sahibkarlığının genişləndirilməsinin, qeyri-formal məşğulluğun qarşısının alınmasının, ixtisaslı işçi qüvvəsinin artırılmasının, aktual peşələr üzrə ixtisaslı kadr hazırlığı sisteminin inkişaf etdirilməsinin, özəl sektorun bu sahədə işlərə daha aktiv cəlb edilməsinin, təhsil məşğulluq və iqtisadiyyat arasında körpünün daha təkmil şəkildə qurulmasının və s.  əsas çağırış və hədəflərdən olduğu diqqətə çatdırılıb.

 İşğaldan azad edilmiş ərazilərimizə qayıdan sakinlərin məşğulluğunun, layiqli əmək şəraitinin təminatı, peşə bacarıqlarının inkişaf etdirilməsi, onlara aktual peşələr üzrə bacarıqlar aşılanması da əsas vəzifələrdən bir kimi vurğulanıb.

Daha sonra “Yerin dərinliyindən beyin dərinliyinə köç: Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”,“Köçü qarşıla: Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi” mövzusunda müxtəlif qurumların rəhbərlərinin iştirakı ilə panel müzakirələr keçirilib.

Tədbirin ikinci günündə də müxtəlif mövzularla bağlı yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq.  

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi