Dövlət qulluğuna qəbul edilən əməkdaşlar and içdilər

24 iyun 2023, 09:31
A+ A-
Dövlət qulluğuna qəbul edilən əməkdaşlar and içdilər

2018-2023-cü illərdə müsabiqə və müsahibələrdə uğur qazanmış 847 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğunun inzibati vəzifələrinə işə qəbul edilib.

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində daimi dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Nazirlik əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yeni Sərəncamı ilə daha 10 nəfər Nazirlik əməkdaşının təltif edildiyini diqqətə çatdırıb. Nazir əməkdaşlar adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, təltif olunan əməkdaşları təbrik edib.

Ümumilikdə 2018-ci ildən Nazirliyin 102 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyü qeyd olunub.

Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə demokratik dəyərlər, mütərəqqi prinsiplər əsasında müasir dövlət idarəetmə sisteminin yaradıldığı, Prezident İlham Əliyevin uğurlu islahatlar proqramı nəticəsində Azərbaycanda dövlət qulluğu sisteminin daim təkmilləşdirildiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanda dövlət idarəetmə sistemi vətəndaş hüquq və azadlıqlarının təminatı, vətəndaş məmnunluğuna nail olunması prinsipinə əsaslanır. Dövlət başçısının "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”, “Dövlət məmuru xalqın xidmətçisidir” sözləri hər bir dövlət qulluqçusu üçün başlıca fəaliyyət prinsipidir.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələrinə dair təqdimatla çıxış edib.

2018-2023-cü illərdə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqə və müsahibələrdə uğur qazanmış 847 nəfərin Nazirlik sistemində inzibati vəzifələrə işə qəbul olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm sertifikat, həm də ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilənlərin sayına görə dövlət orqanları sırasında birinci yeri tutub.

Yeni işə qəbul olunan 54 gənc and içib, çıxış edərək göstərilən inam və etimadı daim layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.

Dövlət başçısının 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə təltif edilən əməkdaşların adları oxunub. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, daim bu böyük etimada layiq səviyyədə fəaliyyət göstərəcəklərini bildiriblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi