“Caspian Energy Club” üzvləri 5 saylı Bakı DOST Mərkəzinə biznes-tur təşkil ediblər. Müxtəlif dövlət və özəl şirkət rəhbərləri və onların nümayəndələrinin iştirak etdiyi tədbirdə qonaqlar əvvəlcə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar.
Daha sonra keçirilən görüşdə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev tədbiri açaraq görüşün məqsədi barədə məlumat verib. Telman Əliyev qeyd edib ki, “Caspian Energy Club” ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən qonaqlar üçün DOST konsepsiyasına dair təqdimat edilib.
Görüşdə, həmçinin DOST Agentliyi ilə “Caspian Energy Club”un üzvü olan qurumların nümayəndələri arasında məlumat mübadiləsi aparılıb, müxtəlif mövzular müzakirə edilib.
Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan təşkilatın əsas məqsədi fəaliyyət göstərdiyi ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi