Azərbaycanın “DOST” mərkəzləri konsepsiyası Moldova Respublikasında tətbiq ediləcək. Hazırda DOST modeli əsasında pilot mərkəzin test rejimində işə başlaması üçün hazırlıqlar davam edir. Kişinyov şəhərinin Botanika sektorunda yerləşən Milli Kassanın müvafiq mərkəzində fəaliyyət göstərən Mərkəz "bir pəncərə" prinsipi ilə vətəndaşlara xidmət göstərəcək.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun rəhbərliyi ilə DOST konsepsiyasının həyata keçirilməsi üçün yaradılan işçi qrupun üzvləri təcrübə mübadiləsi, vəziyyətin yerində qiymətləndirilməsi və daha effektiv kommunikasiyanın qurulması məqsədilə Moldovada səfərdədir. Məqsəd mövcud vəziyyətin, DOST konsepsiyasının implementasiyasının və tətbiq edilməsinin, habelə yaranan çətinliklərin və uyğunsuzluqların dəyərləndirilməsi, eyni zamanda işçi qaydada müvafiq görüşlər keçirilməsidir.
Səfər çərçivəsində Fərid Məmmədov Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzu ilə görüşüb. Görüşdə əməkdaşlıq əlaqələri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, DOST modelinin tətbiqi ilə bağlı məqamlar müzakirə edilib.
Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandu çərçivəsində baş tutub.
Qeyd edək ki, Azərbaycanın “DOST” mərkəzləri modelinin Moldova Respublikasında tətbiq edilməsinə dair indiyədək DOST Agentliyi ilə Moldovanın Sosial Sığorta üzrə Milli Kassası arasında təcrübə mübadiləsi çərçivəsində müxtəlif tədbirlər, səfərlər təşkil olunub, işçi qruplarının görüşləri keçirilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi