A+ A-

Karyera

 
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində, xüsusən “DOST” mərkəzlərində vakant vəzifələrə işə qəbulun bir qayda olaraq ümumi (vakant vəzifələrin tutulması şərtlərinə cavab verən bütün vətəndaşların iştirakını nəzərdə tutan) və daxili (vakant vəzifələrin tutulması şərtlərinə cavab verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabe qurumlarının əməkdaşlarının iştirakını nəzərdə tutan) müsabiqələr əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Daxili müsabiqə elanları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron mərkəzləşdirilmiş informasiya sistemində yerləşdirilərək əməkdaşların diqqətinə çatdırılır.
Ümumi müsabiqə elanları isə kütləvi informasiya vasitələrində yerləşdiriləcək və özündə vakant vəzifələr, eləcə də müsabiqənin şərtləri barədə ətraflı məlumatı əks etdirəcəkdir.
Qeyd edilənləri nəzərə alaraq, ümumi müsabiqə elan olunduqda vətəndaşlar müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

"Könüllü DOST" proqramı


DOST mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.

DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: "Gənc DOST", "Gümüşü DOST" və "Virtual DOST" altproqramları.

"Gənc DOST" altproqramında 15-29 yaşlı gənclər iştirak edə bilərlər. Könüllülük fəaliyyətinin müddəti 2 aydır və iş prosesi gündəlik olaraq 3 növbədə təşkil olunur. "Gənc DOST" altproqramı könüllülər üçün sosial əhəmiyyətli fəaliyyətdə rola malik olma, işgüzar vərdişlər əldə etmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar, əlaqələr və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. "Gənc DOST"a qoşulmaq istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. "Gümüşü DOST" altproqramı yaşı 50-dən yuxarı olan şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. DOST mərkəzində "gümüşü" könüllü kimi fəaliyyət göstərmək istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Artıq evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkündür. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edir! "Virtual DOST" altproqramına qoşulanlar təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirirlər. Bu proqram əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından da uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.

Bütün bu altproqramları özündə cəmləşdirən "Könüllü DOST" proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir.

 

© 2020 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi