Asan Aç

Çətin həyat şəraitində olan şəxs (ailə)

Çətin həyat şəraiti - “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi haldır.

Bu Qanunun 7-ci maddəsinə əsasən Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin aşağıdakı əsasları vardır:

  1. uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;
  2. uşaqların sağlamlıq imkanlarının məhdud olması;
  3. yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
  4. xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;
  5. şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
  6. insan alverinin qurbanı olması;
  7. məişət zorakılığından zərər çəkməsi;
  8. müəyyən yaşayış yerinin olmaması;
  9. valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;
  10. şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.

 

Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları

  • sosial xidmət göstərilməsi üçün müraciət etmək;
  • sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;
  • sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək;
  • sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla sosial xidmət göstərən müəssisəni seçmək;
  • sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;
  • sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;
  • sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;
  • sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;
  • kütləvi informasiya vasitələri ilə təmin olunmaq;
  • şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək;
  • “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq

 

Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri

Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri aşağıdakılardır:

  1. sosial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul edilməsi üçün
  2. tam və düzgün məlumatları vermək;
  3. sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;
  4. sosial xidmət müəssisələrinin daxili intizam qaydalarına əməl etmək;
  5. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi