Asan Aç

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

 Ümumi məlumat

"DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Mərkəz) Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 5 oktyabr tarixli 3 nömrəli Qərarı ilə yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin (bundan sonra – şəxslər) Mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Mərkəzdə xidmətlərin göstərilməsi şəxslərin hüquq və azadlıqlarının qorunması, şərəf və ləyaqətinə hörmət, bərabərlik, humanizm və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.

"    

   

Mərkəzin

açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də baş tutmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən, müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir. Mərkəzin tikintisi “PAŞA Holding” tərəfindən maliyyələşdirilib, arxitektura, layihələndirmə və təşkilati dəstək isə “Cobalt Architecture and Design” şirkəti tərəfindən təmin edilib. Mərkəz sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.


Mərkəzdə xidmət göstərilən əhali qrupları

Mərkəzdə aşağıdakı kateqoriyadan olan şəxslərə xidmət göstərilməsi nəzərdə tutulmuşdur:

• şəhid ailəsi üzvləri
• müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər
• müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları
• valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
• aztəminatlı ailələr
• əlilliyi olan şəxslər


Mərkəzdə göstərilən xidmət istiqamətləri

Mərkəzdə aşağıdakı istiqamətlərdə tədris habelə yaradıcılıq potensialının artırılması üzrə tədbirlər həyata keçirilir:

• audio-səsyazma və media istiqaməti
• floristika, bağçılıq və landşaft dizaynı istiqaməti
• bədii oyma istiqaməti
• xalçaçılıq, toxuma və tikmə istiqaməti
• dərzilik istiqaməti
• fotoqrafiya istiqaməti
• musiqi istiqaməti
• dulusçuluq istiqaməti
• təsviri incəsənət istiqaməti
• rəqs istiqaməti
• kulinariya istiqaməti
• səhnə ifaçılığı istiqaməti

Mərkəzdəki audio-səsyazma studiyasında vokal bacarıqların inkişaf etdirilməsi, audiodisklərin və solo albomların yazılması, videoçarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyaj edilməsi nəzərdə tutulmuşdur və studiyada yaş məhdudiyyəti yoxdur.

Floristika və landşaft dizaynı studiyasında isə dekorativ-tətbiqi sənət və dizayn növü olan floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması, gül kompozisiyalarının yığılması, terrarium və bitki rezervuarlarının dizaynı və quraşdırılması nəzərdə tutulmuşdur. Studiyada eyni vaxtda 8 nəfərə, gün ərzində 2 qrupa təlimlərin keçirilməsi mümkündür. Təlimlərdə yaşı 10-15-dən yuxarı olan şəxslər iştirak edə bilərlər.

Metal və ağac oyma studiyasında dekorativ-tətbiqi sənətin növü olan ağac, metal, daş üzərində bədii oyma sənəti tədris ediləcək. Studiyada artıq ağac üzərində oyma üsulu ilə hazırlanmış musiqi alətləri, milli mədəniyyət abidələri, heykəl və fiqurlu kompozisiyalar təqdim olunur. Bu studiyada eyni vaxtda 8-10 yaşdan yuxarı 6 nəfərə, gün ərzində 2 qrupa təlimin keçirilməsi mümkündür.

Xalçaçılıq, tikiş, toxuma və tikmə studiyasında dekorativ-tətbiqi sənətin əsas növü olan Azərbaycan xalçaçılıq sənəti və onun mühüm 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Burada ilmə-naxış texnikası, rəng ahənginin seçilməsi, yun iplərin boyanması, bədii tikmə növünün ən qədim və geniş yayılmış pilətikmə forması, qızılı saplarla, muncuqla milli və müasir geyimlərin işlənməsi, dizaynı öyrədiləcək. Studiyada eyni vaxtda 6-8 yaşdan yuxarı 7 nəfərə təlimin keçirilməsi mümkündür. Gün ərzində hər sahə üzrə bir qrup tədris prosesində iştirak edəcək.

Musiqi studiyasında Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal dərslərinin tədrisi nəzərdə tutulur. Studiyada çalğı, vokal qabiliyyəti, musiqi biliyi olan 4 yaşdan yuxarı 20-25 nəfər eyni vaxtda təlimlərə qatılacaq. Gələcəkdə əlilliyi olan musiqiçilərdən ibarət instrumental və vokal ansamblın yaradılması nəzərdə tutulur.

Mərkəzin keramika studiyasında dulusçuluq sənət növü üzrə bacarıqlar, o cümlədən keramik əşya, dekorativ məmulatların hazırlanması və rənglənməsi, farfor qablar və dekorativ məmulatların milli naxışlarla bəzədilməsi, dekorativ heykəltəraşlıq öyrədiləcək. Studiyada eyni vaxtda 8 yaşdan yuxarı 9 nəfərə təlim keçirilməsi mümkündür.
Təsviri sənət studiyasında kətan üzərində yağlı boya, akvarellə, kağız üzərində qrafiti və tuş, vitraj boya vasitəsilə şüşə üzərində, sulu boya ilə ipək üzərində rəsm sənətinin öyrədilməsi nəzərdə tutulur. Studiyada 5 yaşdan yuxarı eyni vaxtda 10 nəfərə, gün ərzində 2 qrupa təlim keçiriləcək.

Rəqs zalında fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılması nəzərdə tutulur. Həmçinin burada yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də planlaşdırılır. Zalda eyni vaxtda 30 nəfərə rəqs dərslərinin keçirilməsi mümkündür. Peşəkar rəqs təlimində iştirak edən əlilliyi olan şəxslər 10–34, inkişaf rəqqasları isə 15–34 yaş arasında olacaqlar. Digər fizioloji reabilitasiya təlimində isə 5 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.
Burada əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə 15 yaşdan yuxarı 5 nəfərlik qrup üçün təlim, həmçinin kulinariya yarmarkalarının keçirilməsi, kulinariya verilişlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

Mərkəzin açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş həyətyanı sahəsi də var. Burada reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgilərin, satış-sərgi yarmarkalarının təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin keçirilməsi, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsi üçün şərait var.

Mərkəzin 121 nəfərlik auditoriyasında kinoteatr və teletamaşaların təqdimatı mümkündür. Səhnədə müasir plastika, musiqili janr üslublu və emosional teatr quruluşlarının, müxtəlif musiqili konsert proqramlarının, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Burada sosial müəssisə sakinləri üçün ödənişsiz film nümayişləri planlaşdırılır. Səhnədə eyni vaxtda 25-30 nəfər tərkibdə teatr tamaşalarının və konsertlərin keçirilməsi mümkündür.

Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reallaşdırdığı “Bərabərik” televiziya layihəsi və inklüziv teatrlarla bağlı məlumat verildi.

Mərkəzdə kitabxana da yaradılıb. Burada Azərbaycan milli ədəbiyyatına, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət tədrisinə dair kitablar var. Kitabxanada görmə məhdudiyyətli şəxslərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə kitablardan ibarət guşələrin yaradılması, əlilliyi olan şəxslərin kitablarının təqdimatının, məşhur yazıçıların iştirakı ilə qiraət günlərinin, yerli və xarici yazarların imza günlərinin keçirilməsi nəzərdə tutulur.

    

Xidmət üçün müraciətin edilməsi

Yaradıcı potensiala və istedada malik olan müvafiq kateqoriya şəxslərin özü və ya onların valideynləri, nümayəndələri, övladlığa götürənləri, himayəçi və ya qəyyumları ərizə ilə “DOST” mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət edə bilər.

Müraciət üçün tələb olunan sənədlər

• xidmətə cəlb olunacaq şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (o cümlədən müraciət edən şəxsin və ya səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti)
• xidmətə cəlb olunacaq şəxsin valideynləri, nümayəndələri, övladlığa götürənləri, himayəçi və ya qəyyumları tərəfindən müraciət edildikdə onun müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarnamə və s.)
• yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə şəxsin sağlamlığı haqqında tibbi arayış
• şəxsin müvafiq kateqoriyaya aid olduğunu təsdiq edən sənəd
• ümumtəhsil müəssisəsində təhsil alan şəxslərə münasibətdə təhsil müəssisəsinin arayışı (dərs saatları barədə məlumat göstərilməklə)
• 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil
• müvafiq sahə üzrə istedad və bacarığını təsdiq edən foto və ya video materiallar.

Mərkəzdə göstərilən xidmətin nəticəsi

Müvafiq xidmət istiqamətləri üzrə tədris, habelə yaradıcılıq potensialının artırılması üzrə tədbirləri başa çatdırmış şəxslərə (sertifikasiya prosesinə Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri cəlb edilməklə) Mərkəzdə təşkil edilmiş komissiyanın sədri tərəfindən imzalanmış sertifikat verilir.

 

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi