Axtaris
Axtaris
A+ A-

DOST İş Mərkəzi

Haqqqı ödənilən ictimai işlər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran  şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan haqqı ödənilən ictimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların  konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq. Bu məqsədlə proqramın təkmilləşdirilməsi işləri aparılır.

Ötən dövr ərzində ölkə üzrə 38 min ödənişli ictimai iş yeri yaradılmışdır. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar, əsasən ilkin peşə hazırlığı olmayanlardır. Ona  görə cari ildən əsas hədəflərdən biri də budur ki, proqrama cəlb edilənlər işlə təmin edilib əmək haqqı almaqla yanaşı,  onların işlədikləri bu və ya digər sahə üzrə ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə də şərait yaradılsın.

Bu məqsədlə artıq bir sıra birgə proqramlar da hazırlanıb. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlülkəsizliyi Agentliyi ilə birgə hazırlanan layihə çərçivəsində ödənişli ictimai işlər proqramı üzrə 2500 şəxs proqrama cəlb olunmaqla baytar köməkçisi kimi çalışması nəzərdə tutulmuşdur. Onlar baytar köməkçisi kimi işləyərək əmək haqqı almaqla yanaşı, praktik fəaliyyət müstəvisində baytarlıqla bağlı bir çox bilik və bacarıqlara yiyələnəcək, bu bacarıqları hesabına gələcəkdə müstəqil şəkildə öz işlərini qura biləcəklər. Həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə layihə üzrə 800 şəxs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 300 şəxs müvafiq sahələrə  yönəldilməklə, həmin sahələr üzrə ilkin peşə bacarıqlarına sahib olmaq imkanı qazanacaqlar.

Digər qurumlarla da bu yöndə birgə işlər aparılacaq. Nəticədə ictimai işlər proqramının ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə  çevrilməsində də mühüm rol oynayacaq.

Ödənişli ictimai işlərə cəlb olunma üzrə müqavilələrin rəsmiləşdirilməsi DOST Agentliyinin törəmə təsərrüfat cəmiyyəti olan "DOST İŞ MƏRKƏZİ" MMC tərəfindən təmin edilir.

 

İctimai işlərə cəlb edilmiş şəxslərin siyahısı:

http://sosial.gov.az/list-of-persons-involved-in-social-work

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi