Asan Aç

İmtiyazlı şəxslərin sanatoriya-kurort putyovkası ilə təmin edilməsi

Putyovka - imtiyazlı şəxslərin sanatoriyalarda müalicəsi üçün nəzərdə tutulmuş dövlət tərəfindən təmin edilən qiymətli sənəddir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi üçün aşağıda qeyd olunan şəxslər imtiyazlı şəxslər hesab edilirlər:

  • İşləməyən əlilliyi olan şəxslər;
  • 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar;
  • II Dünya Müharibəsinin iştirakçıları;
  • Şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər;
  • Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar;
  • Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
  • Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.

Putyovkanın (yollayışın) əldə edilməsi məqsədilə imtiyazlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin struktur bölmələrinə, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə”   müraciət edirlər.

I dərəcə əlilliyi olan şəxsin və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın müşayiətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. I dərəcə əlilliyi olan şəxsləri və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların sanatoriya-kurort putyovkası (yollayışları) ilə təmin olduqları təşkilat tərəfindən təmin olunurlar.

Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir. Vətəndaş qeyd edilən sənədləri Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzinə təqdim etdiyi gündən etibarən növbəyə götürülür və növbəsi çatdıqda onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi