Sosial xidmət müəssisələri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində aşağıdakı sosial xidmət müəssisələri fəaliyyət göstərir:

            Məzun evi- Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər. Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanında yerləşir.

 

            Əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələri - Əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə (bundan sonra -şəxslər) sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir.

             Bu istiqamətdə aşağıdakı 4 ixtisaslaşdırılmış sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Beynəlminəl küç 20/22

2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi- Şamaxı şəhəri, N.Nərimanov küç. 14

3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi- Göygöl rayonu, Qırıxlı kəndi

4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi- Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küç. 76

Müəssisəyə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan aşağıdakı şəxslər qəbul edilirlər:

  • Kəllə-beyinin travması nəticəsində əlilliyi yaranan şəxslər
  • Kəllə-beyinin infeksiyası və digər xəstəlikləri nəticəsində əlilliyi yaranan şəxslər (ensefalit, vərəm miningiti, mininqoensefalit, beyinin sifilisi və s)
  • Psixotik simptomatika həddinə çatmayan şizofreniya xəstələri
  • Ayda 5 dəfədən az qıcolma ilə müşayiət olunan epilepsiya xəstəliyi olan şəxslər
  • Xroniki alkoqolizm nəticəsində əlilliyi yaranan şəxslər

 

Ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisəsi - Ahıl şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslərə sosial xidmətlərin göstərilməsi və onların sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisəsidir. Müəssisəyə özünəqulluq qabiliyyətini tamamilə və ya qismən itirmiş, digər müəssisə sakinlərinin həyat və sağlamlığına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olmayan, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli yaxın qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər qəbul edilirlər. 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər və şəhid ailəsi üzvləri müəssisəyə ilk növbədə qəbul edilirlər.

Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24. Ünvanında yerləşir.

Əliliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi – Əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiya mərkəzi irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə-reabilitasiyasının həyata keçirilməsi və həmin müddət ərzində yaşaması, onlara sosialməişət və tibbi-sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisəsidir.

Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14. ünvanında yerləşir.

Həssas əhali qruplarından olan şəxslərin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi - Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların və müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyasının təşkili, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi və müəssisəyə stasionar formada qəbul edilmiş bütün bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması, həmçinin müəssisəyə qəbul edilmiş şəxslərə sosialhüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərir.

Müəssisə aşağıdakı şəxslər üçün ixtisaslaşmış sosial xidmət müəssisəsidir:

  • Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar
  • Müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslər
  • Görmə imkanı məhdud yetkinlik yaşına çatmayan şəxslər

 

Müəssisəyə Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı yetkinlik yaşına çatmayanlar, Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslər, 4-18 yaşlı təhsilə cəlb olunmayan və 16-18 yaşlı təhsilə cəlb olunan görmə qabiliyyəti məhdudluğu olan yetkinlik yaşına çatmayan şəxslər qəbul edilir. Müəssisədə reabilitasiya müddəti 90 gündür.

Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km. “33” ünvanında yerləşir.

Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisəsi - təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir.

Bu istiqamətdə 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

  • 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M. Əzizbəyov küçəsi 84.
  • 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi - Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17.

Müəssisələrə psixi və yüngül formalı əqli pozuntuları olan sağlamlıq imkanları məhdud, təhsilə cəlb oluna bilməyən 5-18 yaşlı uşaqlar qəbul edilirlər.

Yoluxucu və onkoloji xəstəlikləri, habelə ayda 5 dəfədən çox qıcolma ilə müşayiət olunan epilepsiya xəstəliyi və ürəkkeçmə sindromu olan uşaqlar müəssisəyə qəbul edilə bilməzlər.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi