Şəxslərin özünüməşğulluğa cəlb olunması

 Özünüməşğulluq nədir?

Şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.

Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər nə etməlidirlər?

Özünüməşğulluq proqramında iştirak etmək istəyən işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər.

Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər hansı tələblərə cavab verməlidirlər?

İşsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxs kimi qeydiyyata alınması, özünüməşğulluğun təşkili üçün şəraitinin və biznes ideyasının olması, həmçinin ilkin praktik bacarıqlarının mövcudluğu bu proqramda iştirak etmək üçün kifayət edir.

Məşğulluq haqqında qanuna əsasən məşğul şəxslər özünüməşğulluq proqramında iştirak edə bilərmi?

İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər.

Özünüməşğulluq proqramında iştirak etmək istəyən vətəndaşlar hansı mərhələlərdən keçirlər?

Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

Təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi;

Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;

Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;

Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;

Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində monitorinqi.

Təlimləri uğurla bitirən və biznes plan tərtib edən şəxslərin imtahanlarda iştirakı vacibdirmi?

Şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. Qiymətləndirmə Agentliyin müvafiq yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar tərəfindən həyata keçirilir.

Özünüməşğulluq proqramında biznesin hansı növlərinə şəxslərin müraciəti mümkündür?

Bu proqram üzrə vətəndaşlar 1) İstehsal; 2) Xidmət; 3) Kənd təsərrüfatı istiqamətləri üzrə müraciət edə bilərlər.

Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər üçün yaş həddi varmı?

Əmək qabiliyyətli yaşda olmalıdır.

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslərlə müqavilə imzalanırmı?

Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır.

Aktivlər ilə təmin olunmuş şəxslərin monitorinqi hansı müddətə aparılır?

Aktivlərlə təmin olunmuş şəxslər 1 (bir) il müddətinə monitorinq edilir.

Aktivlər müraciət edən şəxsin istəyinə əsasən verilirmi?

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud 3 istiqamət üzrə standart paketlər hazırlanmışdır və bu standart paketlərə əsasən müraciət edən şəxs aktivlərlə təmin olunur.

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə üzrə verilmiş əmlaka bu müddətdə qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə düzgün istifadə etmədikdə hansı tədbirlər həyata keçirilir?

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr necə həll olunur?

Belə hal olduqda tərəflər arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

Bunları bilmək lazımdır

İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər sığorta ödənişi aldıqları müddətdə özünüməşğulluğa cəlb edilmirlər.

Özünüməşğulluğun təşkili zamanı aşağıdakı kateqoriyadan olan işsiz şəxslər üstünlük təşkil edir:

  • Ünvanlı dövlət sosial yardımı alan şəxslər
  • Əlilliyi olan şəxslər
  • Şəhid ailəsinin üzvləri
  • Bir ildən artıq işsiz kimi qeydiyyatda olanlar
  • Pensiya yaşına iki ildən az qalmış şəxslər
  • Cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər

 

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi