Qarabağ Regional DOST Mərkəzində ilk “Gümüşü DOST" könüllüləri fəaliyyətə başlayıb

13 iyun 2024, 12:35
A+ A-
Qarabağ Regional DOST Mərkəzində ilk “Gümüşü DOST

Qarabağ Regional DOST Mərkəzində "Könüllü DOST" proqramının “Gümüşü DOST" altproqramı çərçivəsində ilk könüllülər fəaliyyətə başlayıb.

"Gümüşü DOST" pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. 50 yaşından yuxarı şəxslər proqrama müraciət edərək könüllü kimi fəaliyyət göstərə bilərlər.

Qarabağ Regional DOST Mərkəzinin ilk "Gümüşü DOST"ları Namiq Allahverdiyev və Əli Məhərrəmov Mərkəzdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının tənzimlənməsi və s. işləri yerinə yetirəcəklər.

“Könüllü DOST” proqramına ötən dövrdə 114800 müraciət daxil olub, 4930 nəfər, o cümlədən 81 nəfər "Gümüşü DOST" proqrama cəlb edilib.

“Könüllü DOST” proqramı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə bu proqram Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülüb. Həmçinin “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalibi olub. Bu il DOST Agentliyinin “Gümüşü DOST – bütün yaşlara hörmətlə” (Silver DOST – With Respect to All Ages) layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin Ən Yaxşı Təcrübələr Kitabxanası adlı məlumat bazasına daxil edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi