Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Çağrı Mərkəzi” 142 MMC-nin fəaliyyəti təkmilləşdirilir, xidmət keyfiyyətinin artırılması istiqamətində işlər davam edir.
Bu barədə “DOST Çağrı Mərkəzi” 142-nin “DOST CareCall” və “2C2M” layihələrinin təqdimatında bildirilib. Qeyd olunub ki, Çağrı Mərkəzi tərəfindən bu günə qədər 5,7 milyondan çox vətəndaş zəngi cavablandırılıb və xidmətdən məmnunluq səviyyəsi 93 faizdir.
Görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova həyata keçirilməsi planlaşdırılan layihələrin məqsədi, icrası və üstünlükləri barədə məlumat verilib.
“DOST CareCall” layihəsi çərçivəsində Çağrı Mərkəzinə daxil olan şikayətlərin mərkəzləşdirilmiş formada toplanılması, izlənilməsi, nəticələrin və icrası gecikən şikayətlərin monitorinqinin aparılması məqsədilə vahid platformanın yaradılması, təkrar zənglərin sayının azaldılması, göstərilən xidmətlərin müraciət edən şəxslər tərəfindən avtomatik qiymətləndirilməsinin həyata keçirilməsi, zənglərin cavablandırılması texnologiyasının müəyyənləşdirilməsi və analitikasının aparılması nəzərdə tutulur.
Layihənin əsas məqsədi xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması, fəaliyyətin ISO standartlarına uyğunlaşdırılması, şikayətlərin vahid sistemdən idarə edilməsi imkanının yaradılması və təkrar zənglərin sayının azaldılmasıdır.
“2C2M” layihəsi çərçivəsində isə Çağrı Mərkəzində icra edilən proseslərin optimallaşdırılması, normativ bazanın strukturlaşdırılması hədəflənir. Bununla bağlı İşçi qrupun yaradıldığı və bir sıra prosesur sənədlərinin təsdiq edildiyi qeyd edilib.
Sonda Fərid Məmmədov layihə ilə bağlı rəylərini dilə gətirib, tövsiyyə və tapşırıqlarını verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi