DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olub

DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olub

Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassasının baş maliyyə şöbəsinin müdiri Yelena Kostinin başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi onlara izah olunub.

Daha sonra nümayəndə heyəti ilə görüş olub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin və artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.

Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 159 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın DOST mərkəzləri modeli (konsepsiyası) Moldova Respublikasında tətbiq ediləcək. İndiyədək DOST Agentliyi ilə Moldovanın Sosial Sığorta üzrə Milli Kassası arasında təcrübə mübadiləsi çərçivəsində müxtəlif tədbirlər, səfərlər təşkil olunub, işçi qruplarının görüşləri keçirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi