Asan Aç

DOST xidmətlərinin sayı 160 oldu

30 iyul 2024, 17:08
A+ A-
DOST xidmətlərinin sayı 160 oldu

“DOST” mərkəzlərində göstərilən xidmətlərin sayı artırılıb. Prezident İlham Əliyevin 16 iyul 2024-cü il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərində (VƏM) göstərilən xidmətlərin siyahısına yeni xidmət əlavə edilib. Bu, “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu” xidmətidir.

Bununla da vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin sayı 21-ə, DOST mərkəzlərində göstərilən xidmətlərin ümumi sayı isə 160-a yüksəlib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan, “bir pəncərə” prinsipi ilə xidmətlər göstərilir. Hazırda DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında 16 VƏM fəaliyyət göstərir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi