Naxçıvan Regional DOST Mərkəzinin inşası artıq yekunlaşır və cari ilin sonunadək Mərkəzin açılması nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə ardıcıl sosial islahatların aparıldığını, DOST mərkəzlərinin yaradılmasının bu islahatların mühüm uğurlarından olduğunu bildirib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaradıb.
DOST mərkəzlərinin sayı getdikcə artır. Bu il Naxçıvanda Regional DOST Mərkəzi qurulmaqla yanaşı, Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində həmin mərkəzin filialları da yaradılacaq.
İclasda Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilin I yarımilindəki fəaliyyətinin nəticələri təqdim edilib. Muxtar respublikada həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq proqramları, sosial xidmətlərin elektronlaşdırılması işləri, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya”, “Sosial ödənişlər, “Əmək və Məşğulluq”, “Əlillik”, “Reabilitasiya” və s. altsistemlərinin tam tətbiq edildiyi, sosial ödənişlərin e-sistem üzərindən proaktiv qaydada təyin edildiyi qeyd olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun bu ilin 6 ayı üzrə fəaliyyətinin yekunları diqqətə çatdırılıb. Bildirilib ki, aparılan ardıcıl islahatlar sosial təminat növləri üzrə əhaliyə ödənilən vəsaitlərdə mütəmadi artımla nəticələnir.
Bunun növbəti təzahürü olaraq cari ilin ilk yarımilində DSMF-nin xərcləri 410 milyon manat artaraq 3 mlrd. 419 mln. manata, pensiya üzrə ödənilən vəsait 400 milyon manata yaxın artaraq 3 mlrd. 234 mln. manata çatıb. Həmin dövrdə pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 408,5 mln. manat çox olmaqla 4 mlrd. 382 mln. manat ödənildiyi, sosial sığorta haqları üzrə daxilolmalarda 232 milyon manat artım olduğu diqqətə çatdırılıb.
2024-cü ilin ilk yarımilində də 96,1 min pensiya, müavinət və təqaüd təyinatının e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyi qeyd edilib. DSMF-də son illər aparılan islahatlarla bağlı Fondun bu il artıq 20-dək, son 3 il yarımda 40-dan çox beynəlxalq mükafatla təltif edildiyi qeyd olunub.
DOST İş Mərkəzi tərəfindən hesabat dövründə görülən işlərdən bəhs edilib. Ödənişli ictimai işlər proqramının işğaldan azad olunan ərazilərimizə köçürülən sakinləri də əhatə edərək onların məşğulluğuna dəstək olduğu bildirilib.
İclasda görülən işlərin nəticələri müzakirə edilib, həmçinin kollegiya tərəfindən daha 42 peşə və kvalifikasiya standartı təsdiq olunub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi