“142” Çağrı mərkəzində daha bir istiqamət üzrə məlumatlandırma xidməti avtomatlaşdırılıb

15 avqust 2024, 14:12
A+ A-
“142” Çağrı mərkəzində daha bir istiqamət üzrə məlumatlandırma xidməti avtomatlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətinin təkmilləşdirilməsi işləri davam edir.

Bu işlər çərçivəsində artıq səsli menyu vasitəsilə daha bir istiqamət – uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı müraciətin cari statusu üzrə məlumatın verilməsi xidməti də avtomatlaşdırılıb.

“142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə seçim etdikdən sonra üç (3) rəqəmini sıxmaqla bu istiqamətdə səsli menyu vasitəsilə məlumat əldə edə bilirlər.

Bundan əvvəl “142” Çağrı mərkəzində ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi də avtomatlaşdırılıb. Habelə ünvanlı sosial yardım, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yaşa görə pensiya, dəfn üçün birdəfəlik müavinətə görə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri də elektronlaşdırılıb. Yəni, 142-yə zəng edən şəxslər bu müraciət qaydaları barədə məlumatı dinləyə bilərlər.

Yaxın günlərdə hamiləliyə və doğuma görə birdəfəlik müavinət, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilə bağlı müraciətlərin cari statusu üzrə məlumatlandırma da avtomatlaşdırılacaq.

IVR-ın tətbiqində əsas məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektronlaşdırılmaqla daha çevik həyata keçirilməsi, həmçinin vətəndaşların onları maraqlandıran mövzularda qanunvericiliyə dair səsli menyu vasitəsilə də məlumatlana bilmələrinin təmin edilməsidir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi