Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri DOST Mərkəzində olub

20 avqust 2024, 14:39
A+ A-
Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri DOST Mərkəzində olub

Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin (Rostrud) rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub.

Qonaqlar əvvəlcə mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin dövlət sosial xidmətləri sisteminə gətirdiyi yenilikləri diqqətə çatdırıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahələr üzrə 160 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

Daha sonra keçirilən görüşdə qonaqlar üçün DOST konsepsiyası, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi vasitəsi ilə reallaşdırılan elektron xidmətlərinə dair təqdimatlar edilib.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev də iştirak edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi