DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinin növbəti görüşü keçirilib. Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində tələbələr üçün təlimlər, mentorlarla görüş və nəticələrin qiymətləndirilməsi işləri başa çatıb. Həmçinin CV və fərdi inkişaf hesabatları tamamlanaraq layihənin növbəti mərhələsinə başlanılıb.
Yeni mərhələdə TAP proqramının təlimlər modulunu uğurla başa vuran tələbə və məzunlarla işəgötürənlər arasında görüşlərin təşkili, iştirakçılara təcrübə və iş imkanlarının yaradılması məqsədilə aktiv şəkildə işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi işləri aparılır.
İlk görüş işəgötürən Fairmont Bakı Oteli ilə əlilliyi olan məzunlar arasında baş tutub. Görüşdə otelin baş direktoru Corc Qançev, Heyətin idarə olunması departamentinin direktoru Fidan Hüseynova, DOST Agentliyinin Proqramlar və layihələr şöbəsinin müdiri Zülfiyyə Nağıyeva və BMT-nin Uşaq Fondunun mütəxəssisi Nigar Nəsrullayeva çıxış edərək layihə haqqında məlumat veriblər. Tədbir Fairmont Bakı Otelinin rəhbər üzvlərinin uğur hekayələri ilə davam edib, Fairmont brendinin təqdimatı keçirilib. Otelin Təlim və inkişaf üzrə meneceri Şəbnəm Nəbizadə “Karyera Planlamasının əhəmiyyəti” təlimi və ustad dərsləri keçib. Otel turundan sonra hər iştirakçı üçün işəqəbul üzrə müsahibə keçirilib.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından icrasına başlanılan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilir.
Məqsəd əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun əmək bacarıqlarına yiyələnmələrinə, məşğulluq imkanlarının artırılmasına, müvafiq təcrübə imkanlarının yaradılmasına dəstək verməkdir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi