DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinin növbəti görüşü keçirilib. 5 saylı Bakı DOST Mərkəzində baş tutan görüşdə “AccessBank”ın nümayəndələri, layihə tərəfdaşları və layihəyə cəlb olunan tələbə və məzunlar iştirak edib.
Görüş zamanı “AccessBank”ın Təhsil və inkişaf meneceri Xumar Hüseynova tərəfindən “İş və şəxsi həyat üçün pozitivlik strategiyaları/Emosional zəka” mövzusunda təlim keçirilib, iştirakçıların müvafiq mövzuda sualları cavablandırılıb. Yaranmış kommunikasiya mühiti tələbə və məzunlara bilik və bacarıqlarını əyani şəkildə işəgötürənə nümayiş etdirmək imkanı qazandırıb.
Qeyd edək ki, hazırda Tələbələrin Akselerasiya Proqramından (TAP) sertifikat əldə etmiş əlilliyi olan tələbə və məzunlar üçün təcrübə və iş imkanları təklif edən işəgötürənlərin layihəyə cəlb olunması, tərəfdaş təşkilatların iştirakı ilə iş və təcrübə imkanlarının dəyərləndirilməsi, müvafiq sahə üzrə ehtiyacların müəyyənləşdirilməsi işləri davam edir.
2023-cü ilin oktyabr ayından icrasına başlanılan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilir.
Məqsəd əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun əmək bacarıqlarına yiyələnmələrinə, məşğulluq imkanlarının artırılmasına, müvafiq təcrübə imkanlarının yaradılmasına dəstək verməkdir.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi