DOST Agentliyi tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub
Bakı Biznes Universitetində 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə “DOST mərkəzləri tərəfindən ahıl şəxslərə göstərilən xidmətlər” mövzusunda təqdimat edilib. Təqdimatda DOST Agentliyinin fəaliyyəti, eləcə də ahıl şəxslərə göstərilən xidmətlərlə bağlı maarifləndirici məlumatlar verilib.
Görüşdə "Könüllü DOST" proqramının "Gümüşü DOST" altproqramının üzvləri çıxış edərək, gənclərlə öz təcrübələrini bölüşüblər.
Əlamətdar günlə əlaqədar DOST Agentliyinin əməkdaşları evdə (səyyar) sosial xidmətlər göstərilən tənha yaşayan ahılları ziyarət ediblər. Bu görüşlərdə əməkdaşlar tənha ahılları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
Ahıl şəxslər onlara verdikləri dəyər və diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.
Beynəlxalq Ahıllar Gününün beynəlxalq səviyyədə qeyd olunması ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslərə daima diqqət göstərilir və onlar üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi Qətnaməyə əsasən, oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasın Qanununa əsasən, 70 yaşına çatmış şəxslər ahıl hesab olunurlar.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi