Bakıda keçirilən COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Monteneqronun əmək, məşğulluq və sosial dialoq naziri Naida Nisiçin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzini ziyarət edib.
Qonaqlar əvvəlcə DOST mərkəzində göstərilən xidmətlərlə tanış olublar. Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan uğurlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal nailiyyətlər barədə məlumat verib.
Daha sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatla çıxış edib. DOST mərkəzlərində 160 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,4 faiz təşkil etdiyi diqqətə çatdırılıb. DOST modelinin innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb. Görüşdə həmçinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən xidmətlərin elektronlaşdırılması, əlçatanlığın artırılması, proaktiv xidmətlərin təşkili və genişləndirilməsi istiqamətində təqdimat edilib.
Nümayəndə heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi