Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının (BPSFA) "DOST Agentliyi: Xidmətlərin təqdim edilməsində innovativ yanaşma. Pensiya xidmətlərinin təşkili və təqdimatı fəaliyyət sahələrindən biri kimi" mövzusunda videokonfransı keçirilib.
Onlayn formatda baş tutan tədbirdə DOST Agentliyi İdarə Heyəti Sədrinin müşaviri Nazilə Həşimzadə DOST Agentliyinin əldə etdiyi uğurlar və innovativ təcrübələr barədə təqdimatla çıxış edib. Təqdimatda DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə göstərilən xidmətlər, xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.
Konfransda DOST Agentliyinin fəaliyyətilə bağlı videoçarx təqdim edilib.
Görüşdə sosial xidmətlər, pensiya təminatı və beynəlxalq köçürmələr mövzusunda yeni texnologiyaların tətbiqi və xidmətlərin inkişaf etdirilməsi, korrupsiya hallarının qarşısının alınması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, DOST Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq sosial təminat sahəsində bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı genişləndirir. Bununla yanaşı qarşılıqlı faydalı əlaqələrin qurulması istiqamətində zəruri tədbirləri davam etdirir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi