Türkiyənin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin nümayəndə heyəti DOST Agentliyində olub

18 dekabr 2024, 17:50
A+ A-
Türkiyənin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin nümayəndə heyəti DOST Agentliyində olub

Ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarın başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Mərkəzlərin fəaliyyəti və iş prinsipləri onlara izah olunub.

Nümayəndə heyətləri ilə görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST konsepsiyasının üstünlükləri barədə məlumat verib. Bu sahələrdə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. DOST mərkəzlərində sosial sahə üzrə 160 növ xidmətin “bir pəncərə”dən göstərildiyi, DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə qazandığı nailiyyətlər, elektronlaşdırılma istiqamətində əldə olunan uğurlar qeyd edilib.

Tədbirdə DOST Xidmətləri departamentinin Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsinin böyük mütəxəssisi Nail Məmmədov DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevin də iştirak etdiyi görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi