DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub

28 yanvar 2025, 18:18
A+ A-
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təsis etdiyi təsərrüfat cəmiyyətlərindən olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin (DİİYM) fəaliyyəti ilə bağlı görüş keçirilib. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov onlayn formada keçirilən görüşü giriş sözü ilə açaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas fəaliyyət istiqamətlərinə diqqət çəkib. Mərkəzin sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin bacarıqlarını təkmilləşdirdiyi və inklüziv cəmiyyətin inkişafı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyi məkan olduğu qeyd edilib.

Qarşıda duran məsələlər və perspektivlərdən danışan Fərid Məmmədov ötən dövr ərzində Mərkəzdə bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.

Daha sonra Mərkəzin strateji planlaşdırma, layihələr, maliyyə, mühasibatlıq və təminat məsələləri ilə bağlı məruzələr dinlənilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsini icra edən Elnarə Ənsari regionlarda filialların uğurla fəaliyyət göstərdiyini deyib. Mərkəz rəhbəri DOST Agentliyi tərəfindən DİİYM-in Nizamnaməsinə dəyişiklik layihəsinin hazırlanması, yeni filialların yaradılması və bundan irəli gələn müvafiq sənədləşmə işlərinin hüquqi təminatı sahəsində göstərilən dəstəyi vurğulayıb. Bildirilib ki, konseptual sənədlərin, xidmət pasportları, xidmət və satış qaydalarının, zəruri hesab edildikdə imzalanması nəzərdə tutulan müqavilələrin, yeni layihələrin hüquqi ekspertizasının aparılmasında, o cümlədən digər istiqamətlər üzrə məsələlərin təmin olunmasında zəruri köməklik göstərilib.

Görüşdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin unikal tərcübə kimi dünyada inklüziv cəmiyyət istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların da diqqət mərkəzində olduğu vurğulanıb.

Tədbirdə "Könüllü DOST" proqramının "İnklüziv DOST" altproqramının fəaliyyətinə də toxunulub. Qeyd edilib ki, xüsusilə ali məktəblərin sosial iş ixtisası üzrə təhsil alan tələbələrinin bu fəaliyyətdə iştirakı olduqca əhəmiyyətlidir.

Görüşdə Mərkəzin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, rəy və təkliflərin nəzərə alınması ilə bağlı qərar qəbul olunub.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi